5 aprel 2020, bazar
.
.
chevron_left chevron_right
MARAQLI

Eyş-işrətlərdən yorulmuş varlı kasıblara necə milyardlar söz verdi, amma sonda məhkəməyə və dəlixanaya düşdü

Eyş-işrətlərdən yorulmuş varlı kasıblara necə milyardlar söz verdi, amma sonda məhkəməyə və dəlixanaya düşdü

139 Baxış
Eyş-işrətlərdən yorulmuş varlı kasıblara necə milyardlar söz verdi, amma sonda məhkəməyə və dəlixanaya düşdü

50 il bundan qabaq bütün Amerika 22 yaşlı Maykl Brodinin sərgüzəştlərini müzakirə etdi. Ona böyük bir miras qalmışdı, o isə pis yollara düşməyə başladı. Narkotik maddələrdən istifadə edirdi, eyş-işrət məclisləri düzəldirdi, sonra bütün dünyada sülhə nail olmağa və ehtiyac duyanlara himayə göstərməyə qərar verdi.

Amerika marqarin imperiyasının gənc varisinin şəxsi təyyarəsi Nyu Yorkun yaxınlığındakı Uestçester hava limanına enəndə artıq jurnalistləri gözləyirdi. Amerikanın böyük qəzetlərinin, radio və televiziyasının nümayəndələri Maykl Brodinin söylədiklərini dinləmək üçün toplaşmışdılar. Son vaxtlara qədər hər kəsə yüz minlərlə dollar paylayırdı, sonra qəzəbli izdihamdan qaçırdı və indi millətə müraciət etmək niyyətində idi.

Trapdan enərək Maykl on dəqiqəlik mətbuat konfransı keçirdi. Milyonçu, prezident Nikson üçün Vyetnamdakı müharibəyə erkən son qoymasına imkan verən bir planının olduğunu açıqladı. Qan tökülməsi dayandırıldıqda o, BMT-də danışacaq və Yaxın Şərqdə sülhə necə nail olacağını izah edəcək. Sonra babasının adına bir fond, şükür edən oliqarxların bağışladığı 100 milyard dolları bütün dünyanın yoxsullarına verəcəkdir. Yalnız bundan sonra Maykl təqaüdə çıxa biləcək. Konnektikutda kiçik bir toyuq ferması satın alacaq, həyat yoldaşı ilə birlikdə oraya gedəcək və 13 uşağı olacaq.

Ən qorxunc o idi ki, reportyorlar gülmürdülər, onun bütün vədlərini diqqətlə qeyd edirdilər. Deməyə ehtiyac yoxdur ki, onlardan heç biri icra olunmadı.

Marqarin varisi

Maykı Ceyms Brodi 31 oktyabr 1948-ci ildə anadan olmuşdu. Anası üç yaşında olanda öldü, buna görə də uşağı babası - Amerika Marqarin Kralı ləqəbli marqarin maqnatı Con F. Celke böyütdü. 1965-ci ildə babasının ölümündən sonra 17 yaşlı Maykl böyük bir sərvətə sahib oldu - müxtəlif hesablamalara görə 25 ilə 50 milyon dollar arasında.

Nəzarət olunmayan gənc oğlan idarəetməni tamamilə itirdi. Əvvəlcə Mayamidəki kollecdən, sonra Batler Universitetindən çıxdı və Boulderdəki daha az nüfuzlu Kolorado Universitetini bitirdi. Ancaq təhsildən çox onu sürət və narkotika maraqlandırırdı. Mayklın qarajında ​​Jaguar 420G, Cadillac Eldorado və onun ən çox sevdiyi Lotus Seven idman kabrioleti dayanırdı. Gündüzlər o həmin maşınla Nyu-York küçələrində gəzir, axşamlar isə özü kimi varlı əyyaşlarla vaxt keçirirdi. Onlar həşiş çəkir və gitarada Bob Dilanın mahnılarını çalırdılar.

1969-cu ildə Mayklın 21 yaşı tamam oldu. Babasının mirasındakı payına sərəncam vermək hüququ əldə etdi və daim səs-küylü məclislər düzəltməyə başladı. Bir dəfə onlardan birində René-Luiz - Dübua adlı iyirmi yaşlı xoşagələn fransız qadın göründü. Qız əylənməyə gəlməmişdi. O, qaçaqmalçılıqla məşğul olan nişanlısının İsraildən gətirdiyi marixuana, kokain və LSD ilə ticarət edirdi.

Daimi narkotika dequstasiyaları geniş şənlik məclisləri ilə müşahıdə olunurdu, bu müddət ərzində Maykl Rene-yə aşiq oldu və hətta ona evlilik təklifi etdi. Qız nişanlısını kənara qoyaraq dərhal razılaşdı. 3 yanvar 1970-ci ildə evləndilər və Yamaykaya bal ayına getdilər. Orada Maykl ilk dəfə heroin sınadı, hippi olmağı və sərvətini xeyriyyəçiliyə xərcləməyi qərara aldı.

Xalqın sevimlisi

Toydan bir həftə sonra Marqarin Kralının varisi Nyu Yorka qayıtdı və dərhal diqqət mərkəzinə çevrildi. Cəmi bir həftə içində ehtiyacı olanlara bir neçə yüz min dollarlıq qəbzlər yazdı, nahar fasilələrində pulları küçələrdə səpdi və yoldan keçənlərə nağd pul verdi: min dollar evsizlərə, beş yüz ona qapı açan adama, yüz dolar ona xoş gün arzu edən qəzet satıcısına verdi.

Maykl Ceyms Brodi, Amerikanın Marqarin Kralının varisi: "Pul məni xoşbəxt etmədi. Reneni tapana qədər həyatımdan məmnun deyildim. İndi hər şeyim var: sevgi, təmiz hava, yemək. Bəs niyə milyonlarımı verməyim? "

ABŞ-ın hər tərəfindən gələn Maykla kömək istəkləri yağdı. Çoxsaylı məktublar və telefon danışıqları üçün Brodvey-də ayrıca bir ofis açmalı oldu. Müraciət edənlər daim onun ətrafında toplaşırdılar, buna görə də polis həmin ərazidə gün boyu patrul aparmalı idi.

Gənc milyonçu dərhal ölkənin ən məşhur şəxsinə çevrildi. Əfsanəvi teleaparıcı Ed Sallivan onu Məhəmməd Əli ilə birlikdə qonaq olduğu axşam şousuna dəvət etdi. İş o yerə çatdı ki, Nyu Yorkdakı ən böyük səs yazma şirkəti olan RCA Records, gənc bir milyonçu ilə musiqisini yazmaq və satmaq üçün müqavilə bağladı.

Ona kömək üçün müraciət edənlər Mayklın çeklərini banklara apardıqda və pulu çıxarmağın mümkün olmadığını gördükdə sevgiləri azaldı. Problem pulda deyildi: Maykl həqiqətən hesablarında milyonlarla dollara sahib idi. Lakin hüquqşünaslar, mühasiblər və qəyyumlar ordusu onun sərvətini müdafiə etmək üçün ayağa qalxdı. Yeri gəlmişkən, onun öz xahişi ilə.

Broudi fenomeni

Narkotikanın dumanında ayılan Maykl, sərvətini dünya ilə bölüşmək istəmədiyini başa düşdü. Hüquqşünaslar dərhal verilmiş çekləri ləğv etməyin qanuni bir yolunu tapdılar: bunun üçün Brodini ruhi xəstə elan etmək lazım gəldi. Vərəsənin çox hissəsini kassalarında saxlayan Continental Illinois bankının idarə heyəti də marqarin milyonlarının müdafiəsinə qalxdı.

"Müştərimizin xərcləməsində müəyyən məhdudiyyətlər var" etiraf etdi İllinoys ştatının vitse-prezidenti. "Bəzən Maykl olduqca ayıq və rasional davranır, lakin bəzən şübhələr yaranır - o dəlidirmi?"

Aldanmış kütlələr Mayklın villasını, mənzilini və ofislərini mühasirəyə aldılar.

Nəhayət, onu Manhettenin mərkəzində atasının evinin yanında tapdılar. Tragikomik bir mənzərə ortaya çıxdı: gənc milyonçu hamının rədd olmasını qışqırdı, intihar etməklə hədələdi, cüzdanını, gödəkçəsini, sonra nişan üzüyünü atdı və sonra evin girişində gözdən itdi.

Həmin axşam Maykl və həyat yoldaşı xüsusi təyyarədə Puerto Rikoya uçdu. "New York Times" müxbirini də özləri ilə birlikdə apardılar, o isə sonradan bu uçuşu "yağlı saçlı, yeni Məsih olduğunu xəyal edən zəngin bir adamla narkotik-alkoqol səfəri" adlandırdı.

Maykl San-Xuanın bütöv bir mərtəbəsi onun üçün ayrılmış dəbdəbəli otellərindən birində bir neçə həftə keçirmək niyyətində idi. Amma marixuana və heroin yenidən planlara müdaxilə etdi. Kefin təsirindən Mayklın özü də Rəbbin elçisi olduğuna inanmışdı. Puerto Rikonun paytaxtına endikdən sonra ona Uestçester dairəsinin hava limanına qayıtmağı əmr etdi.

Dörd saat sonra gənc milyonçu, Vyetnamda və Yaxın Şərqdə sülh və kasıblara milyardlar veriləcəyi ilə əlaqədar başıbəlalı mətbuat konfransı keçirirdi. Milyonlarla amerikalı onun televiziyadakı çıxışını izlədi, on milyonlarla vətəndaş isə qəzetdə onun haqqında oxudu. Və çoxları inanırdı!

İş o yerə çatdı ki, mətbuat konfransından bir gün sonra ABŞ prezidenti Riçard Nikson rəsmi şəkildə bəyan etməli oldu: Ağ Evdə heç bir görüş olmayıb və planlaşdırılmır. Həmin vaxt Maykl yenidən yox oldu.

Minlərlə dozada LSD

Gənc milyonçu atasının yanında gizlənirdi və elə atası bir neçə həftə sonra onu San-Fransisko şəhərindəki Bay Area Psixiatriya Mərkəzinə təhvil verdi. Maykl 1970-ci ilin aprelinə qədər orada saxlanıldı. May ayında isə narkotik saxlamaqda ittiham edildi.

Məhkəmə zalında Maykl gözləyən və ondan kömək almayan hər kəsdən üzr istədi.

"Məni bu hərəkətlərə yüzlərlə , bəlkə də minlərlə LSD dozası təhrik etmişdi", dedi.

Tövbə üçün kiçik bir girov müqabilində sərbəst buraxıldı, ancaq bir il yarımdan sonra yenidən məhkəməyə verildi, bu dəfə başqa bir səbəbə görə. Məlum oldu ki, Maykl ABŞ prezidentinin mətbuat katibinə zəng etmək vərdişinə qapılıb. Əvvəlcə Marqarin Kralının varisi, Ağ Evin qazonunda özünü yandıracağını vəd etdi, sonra təhdidlərə davam etdi.

"Bu Maykl Ceyms Broudidir və mən bu axşam Vaşinqtona uçub Prezident Niksonu öldürəcəyəm. Tezliklə görüşək! ” Son zəngində elan etdi.

İki saat sonra isə tutuldu. Çox qəribədir ki, məhkəmə yenə ona rəhm etdi. Milyonçu 10 min dollar girov müqabilində həbsxanadan sərbəst buraxıldı.

Onu ev dustaqlığı altına almaq istədilər, ancaq sərbəst buraxıldıqdan bir neçə saat sonra Maykl evini yandırdı. Yenə dəlixanaya düşdü və təxminən bir ilini orada keçirdi. Bu dəfə sərbəst baxıldıqdan sonra milyonçu qayınatasının yanına, kəndə köçdü və artıq hay-küylü ifadələrlə ictimaiyyətə görünmədi. 26 yanvar 1973-cü ildə isə intihar etdi.

İyirmi il sonra Rene New York Magazine üçün onun haqqında müsahibə verdi.

"İndi çox şey unuduldu, amma Maykla mənim meylim bir növ fövqəltəbii idi. Hiss edirdim ki, bu taledir. O isə Amerikanı idealist nöqteyi-nəzərindən görürdü. Həqiqətən bizə elə gəlirdi ki, bütün pulları vermək əla bir fikirdir. Hər halda yaxşı ki, nəzəri halda.


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: news.rambler.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X