22 fevral 2020, şənbə
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Frans Çijek

Frans Çijek - uşaqlara rəsm çəkməyi necə öyrətmək lazım olduğunu tapan (və yoxsulluq içində ölən) adam

105 Baxış
Frans Çijek

Frans Çijeki uşaqlara rəsm çəkməyi öyrətmək üçün innovativ təlim metodologiyasının müəllifi və "köhnə məhdudiyyətlərdən gəncləri azad edən" böyük müəllim adlandırırdılar. Bu gün onun adı demək olar ki, unudulur, baxmayaraq ki, Çijek sistemi bütün dünyada istifadə olunur. Bu yazıda "professor Çijekin övladları"nın kimlər olduğu və niyə bu dahi müəllim haqqında dünyada az adamın nəsə bildiyi barədə danışılacaq.

Baş tutmayan hüquqşünas

Frans Çijek 1865-ci ildə Çexiyanın Litomerjis şəhərində anadan olub. Atası xəttat, anası evdar qadın idi. Onların ailəsində dörd uşaq var idi. Atası Fransın vəkil olmasını istəyirdi və onu Vyanaya oxumağa göndərdi, lakin hüquq fakültəsində təhsilinin heç bir ili tamam olmamış 1885-ci ildə Çijek İncəsənət Akademiyasına daxil oldu.

Vyanada çoxuşaqlı ailənin yaşadığı mənzildə bir otaq icarəyə götürərək orada qalmağa başladı. Ev sahibinin övladları tez-tez rəsm çəkmək üçün incəsənət akademiyası tələbəsinin yanına gəlirdilər. O, uşaqların çəkdiklərini həvəslə nəzərdən keçirirdi və bir dəfə onu belə bir fikir tutdu ki, onun və kiçik bacısının çəkdikləri arasında olduqca çox eyniyyət, ümumi cəhətlər vardı. Çijek həmin uşaqlarla məşğul olmaqla tələbə dairəsini tədricən genişləndirməyə başladı.

1896-cı ildə Çijek dostları ilə görüşə uşaq rəsmləri olan bir qovluq gətirdi. Həmin gün "emalatxana həmkarları" kiçik Vyana kafesində toplaşdılar - rəssam Qustav Klimt, memarlar - Otto Vaqner və Yozef Olbriç, Vyanadakı Tətbiqi Sənətlər Məktəbinin direktoru Felisiyan Mirbax, Rəssamlıq Akademiyasının tələbələri və məzunları.

Uşaqların əsərləri olan qovluğu ilk olaraq Qustav Klimt götürdü. O, uzun müddət rəsmlərə baxdı və sonra dedi: "Rəsm çəkməyi dayandırmalıyıq, çünki uşaqlar bunu daha yaxşı edə bilər." Orada iştirak edənlərin hamısı rəsmlərə baxaraq Çijekin tək Avstriyada deyil, bütün Avropada rəsm sənətinin inkişafı üçün həlledici ola biləcək uşaqlar üçün sənət dərsləri yaratmalı olduğu fikrində ortaq rəyə gəldilər.

Çijek üsulu

Professor Çijekin ilk sənət dərsləri 1896-cı ildə Vyana Dekorativ və Tətbiqi Sənətlər Məktəbində açıldı. Burada 4-14 yaşlı uşaqlar dərs alırdılar. Dərslər şənbə günləri pulsuz keçilirdi.

Sinifdə təlim mütləq sərbəstlik prinsipi üzərində qurulmuşdu, dərs zamanı nizam-intizam yox idi - tələbələr istədikləri vaxt gəlib-gedə bilərdilər. Müxtəlif yaşda olan uşaqlar özləri seçdikləri istiqamətlə məşğul olurdular və xəyallarına gələn hər şeyi təcəssüm etdirirdilər: kimisi şəkil çəkirdi, kimisi nəsə toxuyurdu, kimisi isə taxta üzərinə naxışlar həkk edirdi.

Çijek tələbələrinin “Uşaqlığın yayı” kitabına illustirasiyaları. Vyana gənclik sənəti. Şəkillərlə kitab ”/ Foto: Anton Usanov

Frans Çijek deyirdi: “Mənim metodum hər hansı bir təzyiqdən azaddır, mənim hazır iş planım yoxdur. Uşaqlarımla mən sadədən çətinə keçirik. "Şagirdlər ürəklərindən keçəni, içdən gələn hər şeyi edə bilərlər."

Yalnız bir ümumi "qayda" var idi: bütün tələbələr çap qrafikası üzrə kurs keçirdilər, əsasən linolyumla işləyirlər: bu, o vaxt üçün nisbətən yeni material idi, amma artıq geniş istifadə olunurdu - üzərində rəsmləri kəsmək rahat idi.

Linoleum qravürası çox diqqət və konsentrasiya tələb edir. Onun üzərində işləməyə başlamazdan əvvəl, etmək istədiyiniz hər şey yadınızda olmalıdır : bir səhv kəsilmiş hissə - və hər şey yenidən işlənməli olacaq. Çijek inanırdı ki, uşaqlara intizam tələb edən çap qrafikası ilə işləməyi öyrədirsinizsə, gələcəkdə bu sənətlə əlaqəli olub-olmamasından asılı olmayaraq onların hər hansı bir seçilmiş fəaliyyət sahəsində inkişafına kömək edəcəkdir.

Çijek şagirdlərinin “Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabına illüstrasiyaları, 1922. Orijinal litoqrafiya. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

Qeyri-məhsuldar konservatizm

Çijek güman ki, bəyənmədiyi üçün əksinə getdiyi həmin dövrdə mövcud olan sənət təhsili sistemindən fərqli olaraq azadlıq metodunu icad etdi. Bu halda professor həmişə öz eksperimental sinifinin məktəbdən kənar xarakterini vurğulayırdı.

“Düşünürəm ki, Rəssamlıq Akademiyasında əbəs yerə vaxt itirdik. Bütün il ərzində bizə Roma başlarını çəkmək öyrədildi. Sonra bizə natürmort, ölü bir təbiət çəkmək öyrərməyə başladılar. Bu ildən-ilə davam edir ... və inkişaf etmədiyimiz üçün boşa getmiş bir vaxt idi "deyə tələbəlik illərini xatırlayan Franz Çijek deyirdi.

Sinifdəki qeyri-rəsmi atmosferə baxmayaraq, əlbəttə ki, professor şahirdlərinə təsviri sənətin əsaslarını öyrədirdi: bu və ya digər materialla necə işləməyi izah edir, rəsmlərə düzəliş verir, düzgün rəng almaq üçün boyaları necə qarışdırmaq lazım olduğunu, eləcə də digər incəlikləri və texnikaları izah edirdi.

Çijekin şagirdlərinin “Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabından illüstrasiyaları, 1922-ci il. Orijinal litoqrafiya. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

Məşhur rəssamlar Çijekin gənc şagirdlərini dəstəkləyirdilər. Bunların arasında, özü də həmin siniflərdə dərs deyən Qustav Klimt də vardı. Uşaqlar zəhmətlərinin önəmini hiss etsinlər deyə, Q.Klimt sənət şousu çərçivəsində Avstriya və Avropanın məşhur sənətçiləri ilə bərabər səviyyəli sərgilərinin təşkilində iştirak etdi.

Çijek tələbələrinin ilk sərgiləri ötən əsrin əvvəllərində bütün dünyada sənət paytaxtı sayılan Vyanada reallaşdı, lakin Londonda 1908-ci ildə baş tutan sərgi professor məktəbinə real maraq və populyarlıq qazandırdı. Bu sərgidə Böyük Britaniyanın kralı Edvard VII də iştirak edirdi. O, bütün salonları gəzmiş, rəsmləri araşdırmış və təkrarlamışdı "Əla məktəbdi". Dövlətin ilk şəxsinin ziyarəti haqqında məlumat tez bir zamanda mətbuata sızdı və çox sayda insan həmin ekspozisiyaya baxmaq üçün axın etmişdi. Bu, dünyada uşaq sənətinin ilk genişmiqyaslı sərgisi idi.

Dünya şöhrəti

London sərgisinin müvəffəqiyyətindən sonra, Çijekin metodologiyası haqqında bütün dünyada danışılmağa başlandı. Professorun innovativ metodları sərbəstlik prinsipinə əsaslanan sənət dərslərinin açıldığı Avropa, Amerika, Hindistan və Yaponiyada geniş tətbiq olunmağa başlandı. 1924-1929-cu illərdə ABŞ-da professorun şagirdlərinin sərgiləri keçirildi. 1930-cu illərə qədər Çijekin tələbələri artıq bütün dünyada tanınırdılar və buna görə də belə deyilirdi: "Frans Çijek övladları". Onların əsərlərinin reproduksiyaları minlərlə satılırdı.

Bella Vişon. "Son anda." “Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabından illüstrasiyalar, 1922-ci il. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

Çijekin təlim metodologiyasının populyarlaşmasına, rəyləri bütün dünyada hörmətlə qarşılanan insanların bu barədə geniş danışması da kömək etdi. Məsələn, Qustav Klimt və Nobel mükafatı laureatı, Hindistan yazıçısı və ictimai xadimi Rabindranat Taqor mühazirələr verərək, Çijekin təhsil yeniliyinin dünya mədəniyyəti üçün böyük əhəmiyyətini vurğuladılar.

Rusiyada professorun metoduna maraq Birinci Dünya müharibəsi illərində ortaya çıxdı. 1914-1916-cı illərdə onun əsərlərinə, işlərinə dair nəşrlər dövri mətbuatda çap olunsa da, 1917-ci il inqilabından sonra Rusiyada uşaqlara sənət məktəblərində realizm öyrədilməyə başlandı və tədris metodu olaraq azadlıq və yaradıcı təxəyyül mövzusu unuduldu.

Konslagerdə incəsənət terapiyası

"Çijek övladları" nın taleyi fərqli şəkildə inkişaf etdi, lakin onların əksəriyyəti məhz uşaqlıq dövründəki sevimli məşğuliyyətləri ilə bağlı olan peşə seçdilər: kimisi kitab illüstratoru oldu, kimisi rəssam.

Bella Vişon. "Milad küknarı" Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabından illüstrasiyalar, 1922-ci il. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

Çijekin şagirdlərindən biri Fridl Diker-Brandeys, 1915-1916-cı illərdə toxuculuq sinifində oxumuş, sonra Bauhaus məktəbinə keçmişdi. 1942-ci ildə həyat yoldaşı ilə birlikdə zirzəmilərin birində uşaqlarla rəsm çəkdirdiyi Terezinsky gettosuna düşmüşdü. Onun bir neçə yüz şagirdi vardı. Fridlin əri dülgər idi və boş vaxtlarında dərslər üçün stol və skamyalar düzəldirdi.

( Getto - Orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu, məhəlləsi. Faşist almaniyasında yəhudilər üçün belə məskunlaşma yerləri yaradılmışdı. - red.)

II dünya müharibəsi ilə bağlı ətrafda baş verən dəhşətlərə baxmayaraq, uşaqlar əsasən müsbət və rəngarəng hekayələr çəkirdilər.

1943-cü ildə sənətçi "Uşaq rəsmləri" adlı bir bələdçi yazdı. O burada öz metodologiyasını təsvir edirdi: məşğələ zamanı şagirdlər daxili hisslərinə, yığılmış emosiyalarına əsaslanaraq stədiklərini çəkirlər. Beləliklə, yaradıcılıq çətin şəraitdə həyat eşqi və reabilitasiya rəmzi oldu.

İne Probst. "Yorğun." Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabından illüstrasiyalar, 1922-ci il. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

1944-cü ildə Fridl Osvensimə sürgün edildi, burada yüz minlərlə məhbusla birlikdə qaz kamerasında öldürüldü. Onun 660 şagirdindən 110-u sağ qaldı . Deportasiyadan əvvəl Fridl təxminən 5000 rəsm toplamışdı - Salamat qalan əsərlər indi Praqadakı Yəhudi Muzeyindədir.

Çijekin dərslərinin bağlanması və ideyalarının populyarlığı

Hitler Almaniyada hakimiyyətə gəldikdən dərhal sonra Cijek tələbələrinin əməyi degenerativ bir sənət hesab olundu və dərslər bağlandı. Eyni səbəbdən Bauhaus da qapadıldı. Mövcudluğunu daha uzun müddətdə - II Dünya Müharibəsinin başlaması ərəfəsinədək sürdürən Vyanadakı Çijek dərsləri oldu. Hər kəs tərəfindən unudulan, səfalət və aclıq içində olan Çizek müharibənin bitməsindən bir il sonra öldü.

Lakin onun metodologiyası, daha doğrusu tədris fəlsəfəsi əsasən onun işini davam etdirən tələbələri sayəsində Amerikada uğurla kök saldı. Onun şagirdi, sonralar professorun dərslərində köməkçisi olmuş Erika Covanna Klini (1900-1957) xatırlamağa dəyər. 30-cu illərdə ABŞ-a köçdükdən sonra, Erika bir çox Amerika məktəblərində rəssamlıq dərsləri keçmiş, həm Çijekin, həm də özünün metodlarını inkişaf etdirmişdi.

İne Probst. "Yorğun." Milad. Daş üzərində 14 orijinal rəsm ” kitabından illüstrasiyalar, 1922-ci il. İrina Stejkanın kolleksiyasından / Foto: Anton Usanov

Digər bir "Çijek uşağı" - Viktor Lovenfeld (1903-1960) Amerika tədris sənəti məktəbinin formalaşmasında əsas fiqurlardan biri oldu. Onun müəllimlər üçün hazırladığı "Yaradıcı fəaliyyətin təbiəti" (1939), "Yaradıcılıq və zehni inkişaf" (1947) və digər əsərləri bütün dünyada təaviri incəsənət müəllimlərinə böyük təsir etdi.

Pensilvaniya Universitetinin professoru olam Lovenfeld, ömrü boyu modelləri kopyalamamaq və uşağın "sərbəst yaradıcılıq ifadə" sinə mane olmamaqla bağlı avstriyalı müəlliminin fikrini təbliğ edirdi.

21-ci əsrə gəldikdə, dünyada yaradıcılıq azadlığı ideyası ilə işləyən sənət məktəbləri və siniflərinin olma ehtimalı var, amma təəssüf ki, artıq onları Çijekin adı ilə bağlamırlar. Avstriyalı novatorun fikirlərinin bu cür “dağılması” həm də professorun tərəfdarlarının və tənqidçilərinin bir şey barədə eyni dərəcədə razılığa gəlmələri ilə izah edilə bilər: Frans Çijek öz fikirlərini cəmiyyətdə mükəmməl şəkildə təbliğ etdi, lakin ona tamamilə möhkəm nəzəri əsas verə bilmədi.

Frans Çijek məktəbinin bu günə qədər yaşadığı ən məşhur sənət əsəri, Milad mövzusunda birləşən orijinal litoqraflardır.


Müəllif: Fəxri Qocayev


Mənbə: mel.fm




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X